Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeysterimiz "Sinquefield Cup" adlanan turnirin ilk turunda ağ fiqurlarla ABŞ təmsilçisi Uesli Soya qarşı oynayacaq.
Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Turnirdə həmçinin Leynyer Dominqes, Hans Niman, Levon Aronyan, Fabiano Karuna (hamısı ABŞ), Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi (FIDE), Alireza Firuzca və Maksim Vaşye Laqrav (hər ikisi Fransa) qələbə uğrunda mübarizə aparacaq.
Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.
Qeyd edək ki, 26-30 avqustda eyni şəhərdə "Grand Chess Tour"un dördüncü mərhələsi keçirilib. Rapid və blits üzrə təşkil olunan turnirdə Məmmədyarov on şahmatçı arasında altıncı yeri tutub.