ABŞ-ın Sent-Luis şəhərində "Grand Chess Tour" seriyasının beşinci mərhələsi olan "Sinquefield Cup" turniri start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda Uesli So (ABŞ) ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeysterimiz matçın 65-ci gedişində rəqibi ilə heç-heçəyə razılaşıb.
Açılış turunun daha üç görüşü də "sülh"lə yekunlaşıb. Yalnız hazırkı dünya çempionu Maqnus Karlsen sonuncu İddiaçılar Turnirinin qalibi Yan Nepomnyaşini məğlub edib.
Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.
Qeyd edək ki, 26-30 avqustda eyni şəhərdə "Grand Chess Tour"un dördüncü mərhələsi keçirilib. Rapid və blits üzrə təşkil olunan turnirdə Məmmədyarov on şahmatçı arasında altıncı yeri tutub.
"Sinquefield Cup"
I tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Uesli So (ABŞ) 0,5:0,5
Leynyer Dominqes (ABŞ) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Alireza Firuzca (Fransa) - Fabiano Karuana (ABŞ) 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Yan Nepomnyaşi (FIDE) 1:0
Hans Niman (ABŞ) - Levon Aronyan (ABŞ) 0,5:0,5