Bu gün Bakıda karate üzrə Premyer Liqa turnirinə yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, sonuncu yarış günündə Azərbaycanın üç təmsilçisi final görüşünə çıxacaq.
Qadınların 68 kiloqram çəki dərəcəsində yer alan ikiqat dünya və Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı İrina Zaretska həlledici dueldə Silvia Semeraro (İtaliya) ilə üz-üzə gələcək.
Kişilərin 60 kq çəki dərəcəsində çıxış edən Əminağa Quliyev Karime Aboeitta (Misir) ilə, 84 kiloqramdan yuxarı çəkidəki Asiman Qurbanlı Misirin digər təmsilçisi Taha Mahmudla münasibətlərinə aydınlıq gətirəcək.
Daha üç karateçimiz - Turqut Həsənov (84 kq), Tural Ağalarzadə (66 kq) və Murad Hacızadə (+84 kq) isə bürünc medal uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, bu, Premyer Liqanın mövsümdə sonuncu - dördüncü mərhələsidir. Yarışa 58 ölkədən 348 karateçi qatılıb.