Azərbaycan millisi Bakıda keçirilən Karate1 Premyer Liqa turnirində ilk medalı qazanıb.
Fanat.Az xəbər verir ki, kişilərin 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Ağalarzadə bürünc medal uğrunda görüşdə yaponiyalı Hiroki Nakanoya qalib gəlib.
Millinin daha üç üzvü bu gün qızıl medal uğrunda döyüşəcək. Əminağa Quliyev (60 kq) finalda misirli Karim Abueita ilə, İrina Zaretska (68 kq) İtaliya karateçisi Silviya Semeraro ilə, Asiman Qurbanlı (+84 kq) isə Mahmud Taha (Misir) ilə qarşılaşacaq.
Digər 2 idmançımız isə bürünc medal uğrunda görüşə çıxacaq. Üçüncü yer uğrunda görüşdə Turqut Həsənov (84 kq) iranlı Zabiola Purşab ilə, Murad Hacızadə (+84 kq) isə Gürcüstan idmançısı Qoqita Arkaniya ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparır.