Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour" seriyasının beşinci mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, bu gün yarışda istirahət günüdür. 37 yaşlı qrossmeyster "Sinquefield Cup" adlanan turnirin sentyabrın 8-də baş tutacaq altıncı turunda İran əsilli Fransa şahmatçısı Alireza Firuzca ilə üz-üzə gələcək. Məmmədyarov 19 yaşlı rəqibinə qarşı qara fiqurlarla oynayacaq.
Təmsilçimiz ilk, üçüncü və beşinci turlarda müvafiq olaraq, Uesli So (ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Fabiano Karuana (ABŞ) ilə heç-heçəyə razılaşıb. İkinci turda Hans Nimanna (ABŞ) uduzan Şəhriyar dördüncü turda norveçli Maqnus Karlsenlə görüşməli olsa da, hazırkı dünya çempionun turnirdən imtinası səbəbindən texniki qələbə qazanıb.
Təcrübəli şahmatçı hazırda 2,5 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
Dairəvi sistemlə 9 turdan ibarət yarışın ümumi mükafat fondu 325 000 dollardır.
Qeyd edək ki, 26-30 avqustda eyni şəhərdə "Grand Chess Tour"un dördüncü mərhələsi keçirilib. Rapid və blits üzrə təşkil olunan turnirdə Məmmədyarov on şahmatçı arasında altıncı yeri tutub.