Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Selçuk Can (Türkiyə) ilə qarşılaşıb. Rəqibinə 4:3 hesabıyla qalib gələn Qənizadə karyerasında ilk dəfə mundialın finalına vəsiqə qazanıb.
Onun həlledici dueldə rəqibi Ali Feyzullah Arsalan (Serbiya) olacaq.
Beləliklə, bu gün mübarizəyə qoşulan üç təmsilçimizdən ikisi finala yüksəlib. Daha əvvəl Eldəniz Əzizli (55 kq) adını həlledici mərhələyə yazdırıb.
Final görüşləri sabah baş tutacaq.
*** 20:07
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib.
Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Maks Emiliano Nouri (ABŞ) ilə qarşılaşıb. Rəqibinə ilk hissədəcə tam üstünlüklə qalib gələn Əzizli adını finala yazdırıb.
30 yaşlı idmançı ikinci dünya çempionluğu uğrunda gürcüstanlı Nuqzar Tsurtsumiya ilə üz-üzə gələcək.
Bu gün həmçinin Ülvü Qənizadə (72 kq) yarımfinalda mübarizə aparacaq. Onun rəqibi türkiyəli Selçuk Can olacaq.
*** 16:23
Azərbaycanın iki yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.
Fanat.Az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən Eldəniz Əzizli ardıcıl olaraq italiyalı Covanni Freniyə (8:0) və yaponiyalı Şiotani Yuya (9:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. 30 yaşlı dünya və ikiqat Avropa çempionu finalın bir addımlığında Maks Emiliano Nouri (ABŞ) ilə qarşılaşacaq.
Ülvü Qənizadə (72 kq) 1/8 finalda İbrahim Məhəmmədovu (Qazaxıstan) 4:2, ardınca Deyvid Dimitrovu (Bolqarıstan) 10:0 hesabıyla yenib. 23 yaşlı idmançı finala vəsiqə uğrunda türkiyəli Selçuk Canla üz-üzə gələcək.
Bu gün xalça üzərinə çıxan digər təmsilçimiz Sənan Süleymanov isə ilk görüşdə Almaniya təmsilçisi İdris İbayevə 7:8 hesabı ilə yenilib. Rəqib sonrakı mərhələdə uduzduğundan 26 yaşlı güləşçimizin təsəlliverici görüşlərə qatılmaq şansı da qalmayıb.
Yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşlər İctimai TV-də canlı yayımlanacaq.
***
Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına start veriləcək.
Fanat.Az xəbər verir ki, mundialın ilk günündə yunan-Roma güləşi üzrə dörd çəkidə (55 kq, 72 kq, 77 kq, 87 kq) mübarizə baş tutacaq. Azərbaycan bu çəkilərin üçündə təmsil olunacaq.
Dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) 1/8 finalda Covanni Frenini (İtaliya) sınağa çəkəcək.
Ülvü Qənizadə (72 kq) eyni mərhələdə Taişi Hori (Yaponiya) / İbrahim Məhəmmədov (Qazaxıstan) cütünün qalibi ilə qüvvəsini sınayacaq.
Nəhayət, 77 kq çəki dərəcəsində yer alan Sənan Süleymanov yarışa 1/16 finaldan qoşulacaq. Avropa çempionu və dünya çempionatının gümüş mükafatçısı bu mərhələdə İdris İbayevlə (Almaniya) münasibətləri aydınlaşdıracaq.
Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Yarımfinal və medal qarşılaşmaları İctimai TV-də canlı yayımlanacaq.
Qeyd edək ki, dünya çempionatına sentyabrın 18-də yekun vurulacaq.