İtaliyanın Sardiniya adasında şahmat üzrə gənclər arasında dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda bu gün səkkizinci turun görüşləri keçiriləcək. Hazırda 6 xalla turnir cədvəlinə başçılıq edən Gövhər Beydullayeva bu turda qara fiqurlarla yalnız əlavə göstəricilərə görə qabaqladığı qazaxıstanlı Assel Serikbay ilə üz-üzə gələcək.
Beş xalla 10-cu sırada olan Ləman Hacıyeva isə ağ fiqurlarla digər Qazaxıstan təmsilçisi Meruert Kamaledinova ilə münasibətləri aydınlaşdıracaq.
Oğlanlardan Abdulla Qədimbəyli "qaralar"la Batsuren Dambasurenin (Monqolustan), Məhəmməd Muradlı "ağlar"la Qabriele Lumaçinin (İtaliya) müqavimətini qırmağa çalışacaq. Hazırda Qədimbəyli 5 xalla 9-cu, bir xal az toplayan Muradlı 50-cidir.
Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.