
İtaliya millisi 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında Tunis yığmasını əvəz edə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Le Parisien" yayıb.
Mənbə dövlətin futbol işlərinə qarışması üzündən Tunisin DÇ-dən uzaqlaşdırıla biləcəyini və bunun yetərincə böyük ehtimal olduğunu vurğulayıb.
Daha öncəTunisin gənclər və idman naziri Kamel Deqiş ölkənin futbol federasiyasının buraxıla biləcəyinə eyham vurub. FİFA Deqişin sözlərini ölkənin futbol federasiyasının fəaliyyətinə müdaxilə kimi qiymətləndirib.
Bu baş versə, tunislilərin yerini FİFA reytinqində ən yüksək göstəriciyə malik seçmə - İtaliya yığması tutacaq.
Xatırladaq ki, Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Tunis millisi Avstraliya, Danimarka və Fransa komandaları ilə qrupda mübarizə aparacaq.