"Finalı sınıq əllə güləşdim".
Bunu Fanat.Az-a açıqlamasında Misirin İsgəndəriyyə şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanan Azərbaycanın tanınmış paralimpiyaçı cüdoçusu İlham Zəkiyev deyib.
43 yaşlı ikiqat paralimpiya çempionu yarımfinal görüşündə zədələndiyini bildirib. O, qələbəsi haqqında bunları söyləyib:
"Yarış yeni rəqiblərimlə tanışlıq üçün böyük əhəmiyyət kəsb edirdi. İlk görüşdə Meksika təmsilçisinə qalib gəldim. Ardınca İraq cüdoçusu ilə qarşılaşdım. Həmin dueldə zədələndim. O halda görüşü davam etdirib, ardınca finalda qazaxıstanlı idmançı ilə mübarizə apardım. Sonradan məlum oldu ki, sol biləyim iki yerdən sınıb. Buna rəğmən, həmin qarşılaşmada da qələbə qazandım. Qızıl medal sayəsində dünya reytinqində üçüncü sıraya yüksəldim. Paralimpiya reytinqində isə birinciyəm"