
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Polşanın Lublin şəhərində Kiyev "Dinamo"su ilə üz-üzə gələn "Qarabağ" Azərbaycana 0:1 hesablı yenilgi ilə döndü. Azərbaycan millisinin sabiq hücumçusu, futbol oynadığı dönəmdə Ukraynada legioner həyatı yaşamış Samir Əliyevlə əlaqə saxlayıb məğlubiyyətin səbəblərini nədə gördüyünü, eləcə də cavab qarşılaşmasından nə gözlədiyini soruşduq.
Tanınmış məşqçinin Fanat.Az-a açıqlaması belə oldu:
"Dünənki oyunda da gördük ki, "Dinamo" əvvəlki əzəmətli "Dinamo" deyil. Hansı ki, yaxın keçmişdə Çempionlar Liqasında fırtına kimi əsirdi... Ukrayna təmsilçisinin indiki heyəti əsasən yerli futbolçulardan qurulub. Bu kollektivin sıralarında 18,19, 20 yaşlı futbolçular da yer alır. Elə "Qarabağ" da yenilənmiş "Qarabağ"dır. Yeni transferlərin çoxu komandaya tam uyğunlaşmayıb. Xətlərarası əlaqə biz öyrəşdiyimiz səviyyədə deyil. Üstəlik, havanın çox isti olması tempin aşağı düşməsini şərtləndirən əsas amil idi. Əlbəttə, bu, ekarn qarşısından görünmür, amma belə idi. Əlbəttə, istəyirdik ki, "Qarabağ" Polşadan ən azı heç-heçə ilə qayıtsın, amma 0:1 də dünyanın sonu anlamına gəlmir. Hələ mübarizə bitməyib. İndi rəqibi daha yaxşı tanıyırlar. İkinci oyuna bir həftə vaxt var. Təbii ki, Qurban Qurbanov və köməkçiləri bu oyunu təhlil edəcək və çatışmazlıqları aradan qaldırmaq istiqamətində lazım olan işləri görəcəklər. "Qarabağ"ın Bakıda azarkeşlərin dəstəyi ilə "Dinamo"ya qalib gələrək növbəti mərhələyə adlayacağına ümid edir və inanıram. Komandamıza uğurlar arzulayıram".
Nihat