
Ötən mövsüm 1-ci Liqadakı mübarizəni 2-ci pillədə başa vuran "Mingəçevir"i pley-off matçında üstələyərək elitadakı yerini qoruyan "Qəbələ" 3 günlük istirahətin ardından avqustun 8-də bir araya gələrək "Turan Tovuz"la Premyer Liqanın 1-ci turunda keçirəcəyi görüşün hazırlıqlarına başlayacaq. "Qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Tsxadadzedən komandasının yeni mövsümə nə dərəcədə hazır olduğunu, heyəti formalaşdıra bilib-bilmədiyini soruşduq.
Gürcü mütəxəssisin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Heyəti hələ tam formalaşdıra bilməmişik. Çünki hələ gözlədiyimiz futbolçular var. Bizdən asılı olmayan səbəblərə görə onların gəlişi bir qədər yubanır. Əlbəttə ki, hazırda mövsümə tam hazır olduğumuzu deyə bilmərəm. Çünki bir çox futbolçular komandaya gec qoşuldular. Bir qədər vaxt lazımdır ki, funksional hazırlıqları yüksəlsin və komanda oyunu oturuşsun. Təəssüf ki, vaxtımız az qalıb, çempionat başlayır. Bəli, qeyd etdiyim kimi daha iki transfer gözləyirik. Mərkəz müdafiəçisi və dayaq yarımmüdafiəçisi transfer etmək istəyirik".
Nihat