Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində V turun qarşılaşmaları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla qarşılaşıb. 34 yaşlı qrossmeysterimiz 4 rapid partiyasının yekununda rəqibini 2,5:1,5 hesabı ilə üstələyib. Bununla Rəcəbov final mərhələsində ardıcıl ikinci qələbəsinə nail olub.
Şəhriyar Məmmədyarov isə turu məğlubiyyətlə başa vurub. O, rusiyalı Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə uduzub.
Xalını 15-ə çatdıran Rəcəbov Aronyanla 3-4-cü pillələri bölüşür. Məmmədyarov 5,5 xalla 9-cudur. Sıralamaya hesabında 26,5 xal olan Maqnus Karlsen başçılıq edir.
Bildirək ki, hər tur ən azı üç, maksimum 4 rapid partiyası oynanılır. Bərabərlik olduğu təqdirdə, blits və armageddona ehtiyac duyulur. İştirakçılar mübarizəyə əvvəlki mərhələlərdə göstərilən nəticələrə əsasən bonus xallarla başlayıb.
9 turdan ibarət turnirə oktyabrın 4-də yekun vurulacaq.
Çempionlar Turu
29 sentyabr
V tur
Levon Aronyan (Ermənistan) - Teymur Rəcəbov (AZƏRBAYCAN) 1,5:2,5 (0,5:0,5, 0:1, 0,5:0,5, 0,5;0,5)
Şəhriyar Məmmədyarov (AZƏRBAYCAN) - Vladislav Artemyev (Rusiya) 1,5;2,5 (0:1, 0,5:0,5, 1:0, 0:1)
Yan-Kşiştof Duda (Polşa) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:2,5
Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) 2,5:0,5
Uesli So (ABŞ) - Aniş Giri (Niderland) 3,5:2,5