Dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirin iştirakçıları müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qələbə uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Rixard Rapport (Macarıstan), Vişvanatan Anand (Hindistan) və David Navara (Çexiya) mübarizə aparacaq.
Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
Vüqar Həşimov Memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olub.
Ötən il turnir koronavirus pandemiyası ilə əlaqədar keçirilməyib.