
Polşanın paytaxtı Varşavada təşkil olunan rapid və blits üzrə dünya çempionatında bu gün blits yarışına start verilib.
Fanat.Az xəbər verir ki, ilk olaraq kişilər 12, qadın şahmatçılar 9 turda mübarizə aparıblar.
Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov I, III, IV, V, VI, IX turlarda uyğun olaraq Şant Sarkisyan (Ermənistan), Oleq Vastruxin (Rusiya), Xayme Santos Latasa (İspaniya), Santoş Vidit Qujarati (Hindistan), Bartoş Soçko (Polşa) və hazırkı dünya çempionu Maqnus Karlseni (Norveç) yenib. Qriqori Oparin, Vladimir Fedosev (hər ikisi Rusiya) və Velimir İviçlə (Serbiya) "sülh bağlayan" şahmatçımız Cavoxir Sindarov (Özbəkistan), Daniil Dubov (Rusiya) və Hayk Martirosyanla (Ermənistan) duellərdən məğlub ayrılıb. Beləliklə, 36 yaşlı qrossmeyster günü 7,5 xalla 24-cü pillədə başa vurub.
Səkkiz xal toplayan Məhəmməd Muradlı 17-ci sırada qərarlaşıb. Rauf Məmmədov hesabına 7,5, Vasif Durarbəyli və Vüqar Əsədli 7, Aydın Süleymanlı 6, Xəzər Babazadə 5 xal yaza bilib.
Turnir cədvəlinə 10 xalla ABŞ təmsilçisi Levon Aronyan başçılıq edir.
Qadın şahmatçılarımızdan Xanım Balacayeva, Gülnar Məmmədova, Zeynəb və Türkan Məmmədyarovalar günü 5, Gövhər Beydullayeva 3,5 xalla başa vurub.
Sıralamanın lideri 8 xala malik qazaxıstanlı Bibisara Assaubayevadır.
Sabah - dekabrın 30-da kişilərdə baş tutacaq daha 9, qadınlarda isə 7 turun görüşləri ilə mundiala yekun vurulacaq.
Qeyd edək ki, dekabrın 26-dan 28-dək keçirilən rapid yarışında kişi şahmatçılarımızdan ən yaxşı nəticəni Şəhriyar Məmmədyarov, qadınlardan Gülnar Məmmədova göstərib. Məmmədyarov 13 turdan 9 xalla 8-ci, Məmmədova 11 turdan 7,5 xalla 12-ci olub. Kişilərdə çempion adını Nodirbek Abdusattorov (Özbəkistan), qadınlarda Aleksandra Kostenyuk (Rusiya) qazanıb.