Çexiyanın Marianske-Lazne şəhərində Azərbaycan şahmatçısı Azər Mirzəyevin iştirakı ilə “Marienbad Open 2022” şahmat festivalı davam edir.
Fanat.Az xəbər verir ki, yarışda V turun qarşılaşmaları keçirilib. Əvvəlki partiyaların hamısında rəqibləri ilə xalı yarı bölən qrossmeysterimiz tur çərçivəsində malayziyalı Ren Lim ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan təmsilçimiz bu dəfə rəqibini təslim etməyi bacarıb.
Beləliklə, xalını 3-ə çatdıran şahmatçımız hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Mirzəyev növbəti görüşünü 4,5 xalla lider olan çexiyalı Voytex Plata qarşı keçirəcək.
Dairəvi sistem üzrə doqquz turdan ibarət olan yarış yanvarın 22-dək davam edəcək.
Qeyd edək ki, A.Mirzəyev yanvarın 7-dən 14-dək Çexiyada "Praqa Open" turnirində mübarizə aparıb. O, 9 turdan 7,5 xal toplayaraq həmin yarışın qalibi olub.