
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-Prisinin III mərhələsində bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, B qrupunda yer alan 37 yaşlı qrossmeyster V turda qara fiqurlarla ABŞ təmsilçisi Lenyer Domingeslə üz-üzə gəlib. Qrup liderlərinin dueli 36-cı gedişdə "sülh"lə yekunlaşıb.
Qrupun digər görüşündə isə rusiyalı Daniil Dubov almaniyalı Vinsent Keymerlə xalı bölüb.
Beləliklə, xalını 3-ə çatdıran Məmmədyarov Domingeslə ilk iki pilləni bölüşdürür. Keymerin 2,5 Dubovun 1,5 xalı var. Şəhriyar son turda Dubovla münasibətlərinə aydınlıq gətirəcək.
Əsasnaməyə görə, dairəvi sistemlə ikidövrəlik mübarizənin yekununda yalnız qrup birinciləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
Qran-Pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.
Qeyd edək ki, FIDE Qran-Prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.
Hər şahmatçı Qran-Prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster bu il İspaniyanın paytaxtı Madriddə keçiriləcək İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.