
Aprelin 22-də Norveçdə şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü - “Oslo Esports Cup” mərhələsi start götürəcək.
Fanat.Az xəbər verir ki, turnirdə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov da iştirak edəcək. 37 yaşlı qrossmeysterlə yanaşı, yarışa hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, Yan-Kşiştof Duda (Polşa), Niderland təmsilçiləri Aniş Giri, Yorden Van Forrest, Hindistan şahmatçısı Rameşbabu Praqnanandha, vyetnamlı Le Quanq Liyem və kanadalı Erik Hansen qatılacaqlar.
Turnir dairəvi sistemlə 7 turdan ibarət olacaq. Hər turda iştirakçılar rapid üzrə (15 dəqiqə +10 saniyə) 4 partiyadan ibarət matçda mübarizə aparacaqlar.
Qeyd edək ki, aprelin 28-dək davam edəcək turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
