
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup" adlanan turnirdə ilk görüşünü vyetnamlı Le Kuanq Lyemə qarşı keçirəcək.
Dairəvi sistem üzrə 7 turdan ibarət yarışda ümumilikdə 8 iti zəka sahibi qüvvəsini sınayacaq. Turnirdə Məmmədyarov, Kuanq Lyem və Karlsenlə yanaşı, Aniş Giri, Yorden Van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa), Ramebabu Praqnanandha (Hindistan) və Erik Hansen (Kanada) qələbə uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, aprelin 28-dək davam edəcək "Oslo Esports Cup"ın mükafat fondu 210 000 ABŞ dollarıdır.