
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun üçüncü mərhələsində növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın üçüncü turunda kanadalı Erik Hansen ilə üz-üzə gəlib. Matçın ilk rapid partiyasını rəqib, növbəti dueli Məmmədyarov qalib tamamlayıb. Ardınca tərəflər "sülh"ə razılaşıbsa, sonuncu oyunda Hansen yenidən üstün olaraq yekun hesabı müəyyənləşdirib - 2,5:1,5. Bu, Şəhriyarın turnirdə ardıcıl ikinci məğlubiyyəti olub.
Məmmədyarov ilk turda vyetnamlı Le Kuanq Lyemə qalib gəlib (2,5:1,5), ardınca Hindistan təmsilçisi Rameşbabu Praqnanandhaya uduzub (0,5:2,5).
Qeyd edək ki, 8 qrossmeysterin qatıldığı və dairəvi sistem üzrə 7 turdan ibarət turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.
"Oslo Esports Cup"
III tur
Erik Hansen (Kanada) - Şəhriyar Məmmədyarov (Azərbaycan) 2,5:1,5 (1:0, 0:1, 0,5:0,5, 1:0)
Aniş Giri (Niderland) - Maqnus Karlsen (Norveç) 0,5:2,5
Yorden Van Forest (Niderland) - Yan-Kşiştof Duda (Polşa) 0,5:2,5
Rameşbabu Praqnanandha (Hindistan) - Le Kuanq Lyem (Vyetnam) 2,5;0,5