Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan "Grand Chess Tour" seriyasının birinci mərhələsində - "Superbet Chess Classic" turnirində bu gün növbəti görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster 10 şahmatçının iştirakı ilə dairəvi sistemlə təşkil olunan yarışın üçüncü turunda qara fiqurlarla Maksim Vaşye-Laqrava (Fransa) qarşı oynayıb. Matç 20-ci gedişdə "sülh"lə yekunlaşıb.
Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci qarşılaşmasında Rixard Rapportla (Macarıstan) heç-heçə edib. Beləliklə, hesabında 1 xal olan təcrübəli şahmatçı Rapport və Alireza Firuzca (Fransa) ilə 8-10-cu yerləri bölüşdürür. Məmmədyarov əlavə göstəricilərə görə sonuncudur.
Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov ötən il keçirilən analoji turnirin qalibi olub.