Özbəkistanın paytaxtı Daşkənddə Georgi Aqzamovun xatirə turniri davam edir.
Fanat.Az xəbər verir ki, memorialda ötən gün səkkizinci turun görüşləri baş tutub. Azərbaycan təmsilçilərindən Misrətdin İsgəndərov tur çərçivəsində qadınlar arasında blits üzrə son dünya çempionu, qazaxıstanlı Bibisara Assaubayeva ilə qarşılaşıb və rəqibinə qalib gəlib.
Son Azərbaycan çempionu Məhəmməd Muradlı da görüşünü qələbə ilə tamamlayıb. O, yerli şahmatçı Nilufər Yakubbayevanı yenib.
Vüqar Əsədli isə Qazaxıstanın digər təmsilçisi Azamat Utegaliyevlə "sülh bağlayıb".
Bu nəticələrdən sonra Vüqar və Misrətdin xallarını 5,5-ə çatdırıblar. Onlar turnir cədvəlində müvafiq olaraq 11 və 12-ci sıradadırlar. Beş xal hasil edən Muradlı 14-cü yerdə qərarlaşıb.
Lider 6 xala malik özbəkistanlı Cavoxir Sindarovdur.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış 10 turdan ibarətdir. Mayın 11-dək davam edəcək memorialda 66 şahmatçı mübarizə aparır.