
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun iştirakı ilə ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour"un 4-cü mərhələsi davam edir.
Fanat.Az xəbər verir ki, rapid və blits üzrə turnirin ikinci günündə daha üç tur oynanılıb. 37 yaşlı qrossmeysterimiz IV turda FIDE bayrağı altında mübarizə aparan rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Məmmədyarov sonuncu İddiaçılar Turnirinin qalibinə görüşün 39-cu gedişində məğlub olub.
Ardınca o, "ağlar"la Hikaru Nakamura (ABŞ) ilə, VI turda isə "qaralar"la Samuel Şenklendlə (ABŞ) heç-heçəyə razılaşıb.
Şəhriyar ilk turda Fransanı təmsil edən İran əsilli şahmatçı Alireza Firuzcaya, üçüncü turda fransalı Maksim Vaşye-Laqrava uduzub, ikinci görüşündə Levon Aronyanla (ABŞ) "sülh bağlayıb".
Təcrübəli şahmatçımız hazırda 3 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində qərarlaşıb. Lider 8 xal toplayan Firuzcadır.
İştirakçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits üzrə mübarizə aparacaqlar. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, yarışın mükafat fondu 175 000 ABŞ dollarıdır.