Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Grand Chess Tour" seriyasının beşinci mərhələsində sonuncu görüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Sinquefield Cup" turnirinin doqquzuncu turunda erməni əsili ABŞ təmsilçisi Levon Aronyanla üz-üzə gəlib. Ağ fiqurlarla oynayan Məmmədyarov görüşün 39-cu gedişində rəqibi ilə heç-heçəyə razılaşıb.
Təmsilçimiz bunadək görüşlərindən beşini heç-heçə, ikisini məğlubiyyətlə başa vurub. Məmmədyarov 4-cü turda norveçli Maqnus Karlsenlə qarşılaşmalı olsa da, dünya çempionunun turnirdən imtinası səbəbindən görüş baş tutmayıb. Beləliklə, təcrübəli şahmatçı 3 xalla yarışı 8-ci pillədə başa vurub.
Qalibin adına isə hələ aydınlıq gəlməyib. Belə ki, hazırda 5 xalla lider olan Alireza Firuzcadan (Fransa) 0,5 xal geri qalan Yan Nepomnyaşinin (FIDE) ABŞ şahmatçısı Hans Nimannla görüşü davam edir.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 325 000 dollar təşkil edir.