Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fişer şahmatı" (şahmat 960) üzrə "Champions Showdown" turnirində bu gün son görüşlərini keçirəcək.
Fanat.Az xəbər verir ki, 37 yaşlı şahmatçı yarışın yeddinci turunda ABŞ təmsilçisi Leynyer Dominqes ilə üz-üzə gələcək.
Məmmədyarov ardınca FIDE bayrağı altında mübarizə aparan rusiyalı Pyotr Svidleri, sonuncu - IX turda isə erməni əsilli ABŞ şahmatçısı Levon Aronyanı sınağa çəkəcək.
Görüşlər Bakı vaxtı ilə saat 23:15-də başlayacaq.
Şəhriyar bunadək Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Harri Kasparov və Yan Nepomnyaşini (FIDE) yenib. Alireza Firuzca (Fransa) ilə görüşdə heç-heçəyə razılaşan təmsilçimiz Fabiano Karuanaya (ABŞ) uduzub. Aktivində 4,5 xal olan təcrübəli şahmatçımız Firuzca ilə birinci-ikinci yerləri bölüşür.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 150 000 dollardır. Qalib 37 500 dollar qazanacaq.