Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində təşkil olunan "Fişer şahmatı" (şahmat 960) üzrə "Champions Showdown" turnirində son görüşlərini keçirib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı şahmatçı yarışın yeddinci turunda ABŞ təmsilçisi Leynyer Dominqes ilə qarşılaşıb və görüşü qələbə ilə başa vurub.
Məmmədyarov ardınca FIDE bayrağı altında mübarizə aparan rusiyalı Pyotr Svidlerə uduzub. Sonuncu - IX turda isə erməni əsilli ABŞ şahmatçısı Levon Aronyanla heç-heçəyə razılaşıb.
Beləliklə, yekunda 6 xal toplayan təcrübəli şahmatçımız üçüncü yeri tutub. Fransa təmsilçisi Alireza Firuzca və ABŞ şahmatçısı Fabiano Karuana eyni sayda - 6,5 xal topladığından, qalibin adına tay-breykdə aydınlıq gəlib. Burada Karuana üstün olub.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 150 000 dollar təşkil edib. Qalib 37 500, Məmmədyarov 20 000 dollar qazanıb.