
Amerikalı qrossmeyster Hikaru Nakamura İslandiyanın paytaxtı Reykyavikdə keçirilən Fişer şahmatı üzrə dünya çempionatının qalibi olub.
Fanat.Az xəbər verir ki, 34 yaşlı şahmatçı həlledici mərhələdə rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gəlib. Dörd oyundan ibarət olan finalda rəqiblər iki dəfə heç-heçə edib, bir-birlərinə bir oyun fərqi ilə qalib gəliblər.
Həlledici qarşılaşmanın taleyi ağ fiqurlarla oynayan Nakamuranın üstün olduğu armageddonda həll olunub.
O, bu qələbə ilə 150 000 ABŞ dolları məbləğində mükafata da sahib çıxıb.
Qeyd edək ki, Fişer şahmatı partiya başlamazdan öncə fiqurların ixtiyari (lakin simmetrik) düzülüşündən ibarət klassik şahmatdır. Bu variantı şahmat üzrə 11-ci dünya çempionu amerikalı Robert Fişer tətbiq edib.