"Adətən təsnifatlarda çətinlik çəkirəm. İlk mərhələni keçəcəyim təqdirdə inanıram ki, finalda nəticəmi xeyli yaxşılaşdıracağam".
Bunu Fanat.az-a açıqlamasında atletikanın üçtəkanla tullanma növü üzrə Avropa çempionumuz Nazim Babayev deyib.
Tokio-2020-də ölkəmizi təmsil edəcək 24 yaşlı atlet bir müddət əvvəl aldığı zədə ilə bağlı hazırda ciddi narahatlıq yaşamadığını bildirib:
"Zədə ilə bağlı elə bir diskomfort yaşamıram. Artıq intensiv hazırlıqlara başlamışam. Tokio ilə Bakı arasındakı saat fərqini nəzərə alaraq, sabahdan məşqləri daha erkən saatlara çəkəcəyik. Yarış günü tam formada olacağam".
Tokioya iyulun 30-da yollanacağını diqqətə çatdıran ikiqat Universiada qalibi, Olimpiya Oyunlarında mükafatlar uğrunda mübarizə aparmaq əzmində olduğunu açıqlayıb: "Finala adlayacağıma inanıram. İki nəfəri çıxmaqla, qalan idmançıların builki nəticələri bir-birinə çox yaxındır. Şəxsi rekordum "medal uğrunda mübarizə aparacağam" deməyə əsas verir. Hər şeyi yarış günü göstərəcək, ancaq Olimpiadada bürünc medal da mənim üçün böyük qəhrəmanlıq olar".
Qeyd edək ki, Tokio-2020 iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Üçtəkanla tullanma üzrə yarışlar 3-5 avqust aralığında baş tutacaq.
Sahib Əsədbəyli