“Neftçi"nin baş məşqçisi Adrian Mutu Premyer Liqanın 8-ci turunda səfərdə "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra bunları söyləyib:
“Çox yaxşı oynadıq. Əvvəldən sona kimi oyuna nəzarət edən tərəf biz idik. Layiqli qələbə qazandıq. "Araz-Naxçıvan"a təsadüfdən məğlub olmuşduq. Həmin matçdan sonra inkişaf var. Hücumda bir az çatışmazlıq var. Bunu aradan qaldırmağa çalışacağıq. Müdafiəçilərimiz bu gün yaxşı oynadı. 70 dəqiqə ərzində rəqibə qol epizodu vermədik. Deyə bilmərik ki, 90 dəqiqə ərzində rəqib qapımızın qarşısında təhlükəli vəziyyət yaratmayacaq. Futbolçulardan razı qaldım. Onları təbrik edirəm.
Vacib olan məqam o idi ki, Yuri Matiası layiqincə əvəz edən oyunçu var. Höccət Haqverdi çox yaxşı oyun nümayiş etdirdi. Qarşıdakı matçlarda kimi meydana buraxmaqda çətinlik çəkəcəm. "Zirə"dən sonra ən yaxşı müdafiə xətti bizdədir.
Bu gün arenada çox möhtəşəm atmosfer var idi. İstərdik ki, bütün stadionlarda bu cür olsun. Azarkeşlərə demək istəyirəm ki, hər oyunda komandalarına belə dəstək versinlər.
Növbəti turda "Qarabağ"la qarşılaşacağıq. Əlbəttə, böyük oyundur. Son matçda onlar da qələbə qazanıb, biz də. Hər iki komanda yaxşı formadadır”.