Misli Premyer Liqasının 26-cı turunda "Zirə" səfərdə "Qarabağ" la qarşılaşıb. Görüş "qartallar"ın 3:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Oyundan sonra qəsəbə təmsilçisinin yarımmüdafiəçisi İsmayıl İbrahimli ilə söhbətləşdik.
Mövsümün əvvəlində "Qarabağ"dan icarəyə götürülən "20 nömrə"nin Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Oyun barədə fikirləriniz necədir?
- Matça yaxşı hazırlaşmışdıq. "Qarabağ" sürətli komandadır. Əslində, rəqib haqda əlavə söz deməyə ehtiyac yoxdur. Bu komandanın əks-hücumu təhlükəlidir. Məncə, yaxşı oyun keçirdik. Əldə etdiyimiz imkanları dəyərləndirsəydik, nəticə başqa cür ola bilərdi.
- Ölkə kubokundakı yarımfinal oyunu barədə nə deyə bilərsiz?
- Hələ qarşıdan "Kəpəz"lə oyun var. Kubok barədə həmin həftə düşünəcəyik.
- Elədirsə, "Kəpəz"lə oyun haqda fikirlərinizi öyrənək?
- Hər matça ciddi yanaşırıq. "Kəpəz" də son turlar yaxşı çıxış edir. Ciddi və maraqlı oyun olacaq.
Nahid Ustaclı