FIFA series - Edition 2024” layihəsi çərçivəsində Azərbaycan millisi əvvəlcə Monqolustan (1:0), ardından isə Bolqarıstan (1:1) seçməsi ilə qarşılaşdı. Yığmamızın sabiq futbolçusu, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb hər iki görüş haqda fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu :
"Monqolustan millisi hansısa fikir bildirməyə əlverişli komanda deyildi. Çünki bütün oyun ərzində hücum edən tərəf biz olduq. Yalnız matçın sonlarında rəqib bir qədər fəallıq göstərdi. Bolqarıstan millisi ilə oyunda isə iki eyni səviyyədə komanda gördük. Belə rəqibə qarşı biz daha çox dominantlıq etdik. Oyunu rəqibin cərimə meydançası ətrafında qurmağa çalışırdıq. Daha hücumameyilli oynamağımız müsbət məqamdır. Gələcək üçün nəsə demək çətindir. İsveç və Slovakiya milliləri Monqolustan və Bolqarıstan deyillər. Ən azı bu iki oyun mənə xoş təsir bağışladı. Bu o demək deyil ki, bu cür oyunla qrupdan çıxacağıq. Qrupu adlamaq barədə nəsə demək çətindir".
Nahid Ustaclı