“Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirilmiş ilk görüşdən sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 0:4 hesabıyla uduzduqları matçın ardından təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
"İlk qolu çox tez buraxdıq. Bundan sonra yenidən oyuna qayıtmaq çox çətindir. Hesabı bərabərləşdirmək istəyirdik. Təəssüf ki, bacarmadıq. "Qarabağ" isə daha iki qol vurdu. Ondan sonra oynamaq çətin idi. İkinci hissədə daha yaxşı oynadıq. Bu da anlaşılandır, çünki "Qarabağ" üç qol vurmuşdu, daha rahat oynadılar.
Burada iki ayyarımdır ki, fəaliyyət göstərirəm. Azarkeşlərlə hansı problem olduğunu bilmirəm. Azarkeşlər olduğu halda, komanda daha yaxşı rahat oynaya bilərdi. Fakt odur ki, biz özümüzü sanki "Qarabağ"ın stadionunda hiss edirdik. Son üç oyunda 7 xal qazanmışıq. İndi ikinci pillədəyik. Bəli, bu gün uduzduq. Amma heç nə deyə bilmərəm. Komandaya rəhbərlik edən şəxslər var. Onlar qərar verəcək.
Emində zədə var idi. Risk etmək istəmirdik. İstər-istəməz çempionat bizim üçün çox önəmlidir. Onu "Sumqayıt"la oyun üçün saxlamaq istəyirdik. Fikirləşirdik ki, böyük mübarizə olacaq.
Mövsümöncəsi yaxşı hazırlaşmaq önəmlidir. Komandanı gücləndirmək lazımdır. "Qarabağ"la mübarizə aparmaq çətindir. "Neftçi"nin uğurları olacaq. Amma bilmirəm mənimlə olacaq, ya yox. "Neftçi" əvvəl kimi güclü olacaq. İnanıram”.