Misli Premyer Liqasının ilk turunda "Qarabağ"a uduzan (1:4) "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev matçdan sonra təşkil edilən ənənəvi mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Düşündüyümüz elementlər var idi, Toplanışda belə görünürdü. Bu gün "Qarabağ" bunları göstərməyə imkan vermədi. İlk oyundur. Biz də bilirik ki, çox sayda yeni oyunçumuz var. İnanıram ki, turlar keçdikcə daha məzmunlu oyun və daha "oturuşmuş" komanda görəcəyik.
Kuryoz qolun psixoloji təsiri oldumu? Heç kəs səhvlərdən sığortalanmayıb. Tərlan Əhmədli inamlı qapıçıdır. Qarşıdakı oyunlarda ona yenə şans verəcəyik. Məğlub olmağımızın səbəbi Tərlan deyildi. Komanda olaraq oyunumuz alınmadı. Əlbəttə, qol da təsir etdi. Buraxdığımız İkinci qolda da "rikoşet" var idi. "Qarabağ"a qarşı oyunu dəyişmək çətindir. Komanda pozitivdir, sağlamdır. İnanıram ki, qarşıdakı oyunlarda yaxşı "Araz-Naxçıvan" görəcəyik".