Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının ilk turunda "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyunda qırmızı vərəqə alan Elvin Cəfərquliyevlə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, Qurbanov əsas heyətdəki yerini Toral Bayramova uduzan futbolçunun tez-tez meydandan qovulmasına oyundan sonra təşkil edilən mətbuat konfransında belə münasibət bildirib.
"Elvin istəklidir. Ən aktiv futbolçularımızdan biri olub. Hücumda çox iştirak edən oyunçu müdafiədə çox səhvlərə yol verir. Yerini Torala uduzması bir tərəfdən yaxşı haldır. İki oyun da cəzası var idi. Görünür ki, oyun praktikası azdır. Elvin idman formasını bərpa edən futbolçudur. Vərəqələrə gəlincə, bu haqda daha çox düşünməlidir. Epizodlardan düzgün nəticə çıxarmalıdır. Get-gedə sayı çoxalır. Bir az problemə çevrilir. Qarşıdakı oyunlara baxacağıq. Belə hallar təkrarlansa, daha ciddi düşünmək lazım gələcək".