Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra ölkələrin UEFA reytinqi yenilənib.
Fanat.Az xəbər verir ki, baş tutan matçlardan sonra bəzi ölkələrin xal hesabı və mövqeyi dəyişib.
Bakıda “Omoniya”nı sınağa çəkərək 1:0 hesabı ilə məğlub edən təmsilçimiz “Zirə” də növbəti dəfə xal hesabını artırıb. Təsəlli qələbəsi ölkəmizə 0,250 xal qazandırıb. Amma sıralamadakı mövqeyimiz dəyişməz qalıb. Belə ki, hazırda hesabında 19,125 xal olan Azərbaycan 26-cı pillədəki yerini qoruyub.
Cari mövsümün qazancı 2,375-ə yüksəlib. Bunun 1,250-i “Zirə”nin payına düşür. “Qarabağ” bu mövsüm 0,750, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qonşulara gəlincə, bir addım öndə olan Kiprlə xal fərqi 0,600 xaldır. 28-ci yerdə qərarlaşan Bolqarıstan isə Azərbaycandan 0,250 əmsal az toplayıb.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,303 xal.