"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 9-cu turunda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzduqları oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis səfərdəki matçı belə dəyərləndirib:
"İki fərqli hissənin şahidi olduq. Birinci hissədə daha yaxşı idik. Fasilədən sonra çox top itirirdik, boşluqlar buraxırdıq. Rəqibi qələbə münasibətilə təbrik edirəm.
Tyaqo bu oyun üçün zədəli idi. Amma sağlam olsaydı belə, yenə Aydın Bayramovu qapıya qoyacaqdım. Çünki o, rəqabətdə Aydına uduzur.
Şəhriyar Əliyevlə aramızda ciddi nəsə mübahisə olmadı. Berdiyevlə görüşüb tunelə gedəndə gördüm ki, futbolçular mərkəzə qaçırlar. Mübahisəni yatırmaq üçün ora gəldim. Şəhriyara o əsnada irad bildirdim ki, udmusuz, başqa qanqaraçılıq salmayın. Belə lazım deyil. Bu, hər iki komandanın ziyanınadır.
Milli fasiləsi ilə bağlı planımız eynidir. Futbolçulara bir neçə günlük fasilə verəcəyik. Sonra "Sabah"a qarşı oyuna hazırlaşacağıq. İkinci dövrənin əvvəlində 3-4 səfər oyunumuz olacaq".