
Misli Premyer Liqasının 12-ci turu çərçivəsində bu gün "Neftçi"nin qonağı olan "İmişli" 3:2 hesablı qələbə qazanıb. Qonaqların baş məşqçisi Jorje Kaşkilya oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis belə danışıb:
"Bu qələbə bizim fantastik oyunumuzun nəticəsidir. Bilirdik ki, "Neftçi" böyük rəqibdir. Onlarla oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"nin sərgilədiyi futbola qarşı öz oyunumuzu qoya bildik. Onların hansı taktikadan istifadə edəcəklərini təxmin edirdik. "Dəhlizlər"də boşluqlar olacağını bilirdik. Bunlardan faydalanmağı bacardıq.
Oyun bizim üçün yaxşı başlamadı. Rəqib artıq 10-cu dəqiqədə penalti qazandı. "Neftçi" kimi komandayla oyunda 0:1 hesabı ilə geridən başlamaq çətindir. Amma biz hesabı bərabərləşdirə bildik. İkinci hissədə yenə hesabda geri düşdük, 1:2 oldu... Komandamız özünün ən əsas keyfiyyətini - psixoloji hazırlıq səviyyəsini ortaya qoydu, əsl xarakter göstərdi. Səfərdə oynasaq da, nəinki yenilgidən qurtulduq, qələbə qolunu da vurduq. "Neftçi"ni də gözəl oyun münasibəti ilə təbrik edirəm. Amma biz bu gün onlardan üstün idik. Komandamızı təbrik edirəm".
Nihat