
Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində "Napoli"nin qonağı olacaq. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb qarşıdakı matç barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ın Çempionlar Liqasında ortaya qoyduğu məzmunlu, keyfiyyətli oyun və qazandığı 7 xal futbol ictimaiyyətində müsbət fikirlər formalaşdırıb. Artıq hamı bilir ki, bu nəticələr təsadüfi deyil. Bizi "Napoli" ilə çox maraqlı mübarizə gözləyir. Baxmayaraq ki, "Napoli" İtaliya çempionudur, rəqibə tanınmış məşqçi Antonio Konte rəhbərlik edir və son turda "Atalanta"nı 3:1 hesabı ilə üstələyiblər, yenə hər birimiz ümidliyik. Hamımız "Qarabağ"ın Neapolda da məzmunlu oyunla diqqət çəkəcəyinə, xal və xallar qazana biləcəyinə inanırıq".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" qarşılaşması noyabrın 25-dən 26-na keçən gecə "Dieqo Armando Maradona" stadionunda keçiriləcək. Matçın start fiti 00:00-da səsləndiriləcək.
Nihat