
"Qarabağ"ın Çempionlar Liqasında qazandığı nəticələr sensasiya deyil, uzun müddət görülən işlərin nəticəsidir. Burada həm öz işini lazımınca görən rəhbərliyin, həm də çalışqanlığı, daim yeni nələrsə öyrənmək həvəsi sayəsində böyük uğurlara imza atmış Qurban Qurbanovun payı var".
Bu sözləri Fanat.Az-a açıqlamasında Ağdam təmsilçisinin və Azərbaycan millisinin sabiq hücumçusu Vüqar Nadirov deyib.
Bir müddət öncə 2-ci Liqa təmsilçisi "Şəmkir"in baş məşqçi postunu tərk edən mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turu çərçivəsində bu gecə "Napoli"nin qonağı olacaq "köhlənlər"in səfər qarşılaşmasından nə gözlədiyini açıqlayıb: "Bir "Qarabağ"lı olaraq komandamıza həmişə inanıram. Futboldur, hər şey mümkündür. Rəqibin kim olduğu da məlum həqiqətdir. Antonio Kontenin çalışdırdığı "Napoli" ilə İtaliyada üz-üzə gəlmək o deməkdir ki, komandamızı olduqca çətin mübarizə gözləyir.

Düzdür, İtaliya çempionunun bir neçə futbolçusu bizə qarşı oynaya bilməyəcək. Ancaq bu fakt belə, böyük ölçüdə nəyisə dəyişmir. "Napoli"nin heyətindəki istənilən oyunçu başqasını əvəzləməyə qadirdir. "Qarabağ"ın öz oyununu sərgiləyəcəyinə, məzmunlu çıxışla diqqət çəkəcəyinə şübhəm yoxdur. Ən yaxşısına ümid edirəm. "Benfika"nı səfərdə 3:2, "Kopenhagen"i evdə 2:0 hesabı ilə məğlub edən, "Çelsi" ilə məhsuldar heç-heçəyə razılaşan komandanın İtaliyada da özünü sübut etməsi sürpriz sayılmayacaq. Demək istədiyim budur ki, "Qarabağ" Neapolda "Napoli"yə də 2-3 qol vura bilər".
Nihat