
"Karvan-Yevlax"ın noyabrın 23-də baş məşqçi Azər Həşimovu istefaya göndərdiyi və onun yerinə Füzuli Məmmədovu gətirdiyi barədə sizləri məlumatlandırmışıq. Bəs görəsən Həşimovla əməkdaşlığa son qoyulduğu ictimaiyyətə niyə açıqlanmır?
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azər bəyin postundan uzaqlaşdırılması sırf rəhbərliyin qərarıdır.
Başqa sözlə, sözügedən mütəxəssis bərbad nəticələrə rəğmən, iş yerindən ayrılmaq istəməsə də, hər şeyin düzələcəyi ilə bağlı vədlərdən təngə gələn klub bosslarının səbr kasası daşıb və ona qapını göstəriblər. Susqunluğun səbəbi isə rəhbərliyin Həşimovla təzminat məsələsində ortaq məxrəcə gələ bilməməsidir. Hər şeydən öncə bu məqam həllini tapmalıdır.
Qeyd edək ki, 5 xala malik "Karvan-Yevlax" turnir cədvəlinin 12-ci sonuncu pilləsində qərarlaşıb.
Mirağa