
Bu gün Misli Premyer Liqasında 22-ci tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, günün ilk matçında “Turan Tovuz” Bakıda “İmişli” ilə qarşılaşıb. Matçda qol səsi çıxmayıb.
Matçdan sonra keçirilən mətbuat konfransında İmişli təmsilçisinin baş məşqçisi Jorje Kaşkilya fikirlərini jurnalistlərlə bölüşüb:
"İlk növbədə oyunçularımı təbrik etmək istəyirəm. Komandamız bu oyuna taktiki baxımdan yüksək səviyyədə hazırlaşmışdı və meydanda bunu nümayiş etdirə bildi. Qarşımızda çox güclü rəqib var idi. Nəzərə almaq lazımdır ki, "Turan Tovuz" son oyunlarda məğlub olmur, ardıcıl qələbələr qazanır və psixoloji baxımdan üstün durumda idi. Buna baxmayaraq, komandamız onlara qarşı layiqli və intizamlı mübarizə apardı. Bu baxımdan futbolçularımdan razıyam.
Bilirdik ki, bizi çətin qarşılaşma gözləyir və oyunun gedişi də bunu təsdiqlədi. "Turan" qarşısına yüksək hədəflər qoymuş, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan iddialı komandadır. Meydanda intensiv və gərgin mübarizə getdi. Xüsusilə fiziki komponent baxımından rəqib üstün görünürdü. Onların futbolçuları fiziki cəhətdən güclü və təcrübəlidirlər.
Bununla belə, taktiki baxımdan yarımmüdafiə xəttimiz rəqibin yarımmüdafiəsinin qarşısını ala bildi, onların sürətli və kəskin hücumlarının effektini minimuma endirdi. Komandamız oyun planına sadiq qaldı və bu baxımdan qarşılaşmanın öhdəsindən gəlməyi bacardı.
Hücum xəttində birinci hissədə 1-2 real epizod yaratdıq. İkinci hissədə isə müəyyən çətinliklər yaşadıq. Bunun əsas səbəbi rəqibin mərkəz müdafiəçilərinin fiziki gücü və təcrübəsi idi. Bununla belə, rəqibin gücünü nəzərə alaraq sonadək mübarizə apardıq. Bu isə o demək deyil ki, hücum potensialımızı artırmaq üzərində İşləməyəcəyik, əksinə, gələcək oyunlarda bu komponentə daha çox diqqət yetirəcəyik.
Əlbəttə, meydana qələbə üçün çıxmışdıq. Lakin oyunun gedişatını və rəqibin səviyyəsini nəzərə alsaq, heç-heçə bizim üçün müsbət nəticədir. Çətin rəqibdən səfərdə qazanılan xal komandamız üçün dəyərlidir. Qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaq üçün işimizi davam etdirəcəyik".