
Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsi çərçivəsində "Qarabağ" - "Şamaxı" matçı baş tutub.
Fanat.Az xəbər verir ki, Şamaxıda baş tutan ilk matçda 2:1 hesablı qələbə qazanan Ayxan Abbasovun baş məşqçisi olduğu komanda üstünlüyünü qorumağa çalışsa da Ağdam təmsilçisi ümumi hesabda üstün olaraq adını yarımfinala yazdırıb.
Matçdan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov fikirlərini jurnalistlərlə bölüşüb:
"Son dəqiqələr üzücü oldu. İlk oyunda qalib gəlsək də, bilirdik ki, bizi çətin cavab oyunu gözləyir. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də qol epizodlarımız oldu. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. İkinci hissənin ilk 15 dəqiqəsində rəqib təzyiqi daha da artırdı. Müdafiə planında səhvlər etdik. Buna baxmayaraq uşaqlar sona qədər vuruşdular. Sonuncu dəqiqədə penaltini yerinə yetirə bilsəydik, bəlkə əlavə vaxtda şanslarımız olardı. Dörd gündən bir oynamaq öz sözünü deyir. Qarşıdan gələn 3-cü dövrəyə hazırlaşacağıq. Kubok bizim üçün bitdi. Rəqibi təbrik edirəm."