
"Qarabağ"ın kolumbiyalı hücumçusu Kamilo Duran karyerasını Şotlandiya nəhəngi "Seltik"də davam etdirməyə çox yaxındır.
Fanat.Az xəbər verir ki, 24 yaşlı forvard Qlazqo təmsilçisi ilə müqavilənin şəxsi şərtləri barədə tam razılığa gəlib. Hazırda transferin taleyi klublar arasındakı danışıqlardan asılıdır.
Şotlandiya klubunun rəsmiləri hazırda transfer məbləğini tamamlamaq üçün "Qarabağ" rəhbərliyi ilə intensiv danışıqları davam etdirir. "Seltik"in təxminən 1.7 milyon funt-sterlinqlik ilk təklifi rədd edildikdən sonra, tərəflərin təxminən 2.5 - 3 milyon funt-sterlinq (təxminən 6.8 milyon manat) civarında yekun orta məxrəcə gəlməsi gözlənilir.
Əgər bu rəqəm rəsmiləşərsə, ötən yay Portuqaliyanın "Portimonense" klubundan 200 min funt-sterlinqdən daha az məbləğə alınan Duran, Ağdam klubuna təxminən 15 qat daha çox qazanc gətirərək Azərbaycan Premyer Liqası tarixinə rekord satışlardan biri kimi düşəcək.
Ötən mövsüm "Qarabağ" forması ilə 48 rəsmi matçda 15 qol və 10 assistlik möhtəşəm performans sərgiləyən kolumbiyalı forvard, xüsusilə Çempionlar Liqasında "Ayaks", "Nyukasl" və "Ayntraxt" kimi komandaların qapısına vurduğu 5 qolla Avropa skautlarının diqqətini cəlb etməyi bacarmışdı. Transferin yaxın günlərdə rəsmən elan olunacağı gözlənilir.
Kamil Xudiyev