
Misli Premyer Liqasının 4-cü turu çərçivəsində “Zirə” “Sabah”a 0:5 hesabı ilə məğlub olub.
Fanat.Az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov matç haqda fikirlərini bildirib:
“Oyuna ilk dəqiqələrdən fəal başladıq. Çalışırdıq ki, oyuna nəzarət edək. Bu da bizdə pis alınmırdı. Rəqib ilk hücumunda fərqləndi. 3-5 dəqiqə keçdikdən sonra yenə kobud səhvə yol verdik. 2:0-dan sonra oynamaq çətin idi. Amma futbolçularım özlərində güc tapıb mübarizəyə davam etdilər. Hesaba baxmayaraq futbolçuların göstərdiyi oyundan narazı deyiləm. Oynayırdılar, topa nəzarət bəzən rəqibdə, bəzən bizdə idi. Qol epizodları yaratmaq da eyni səviyyədə idi. Onlar 6 qol epizodu yaratdılar, 5-dən istifadə etdilər. Bizdə 4-5 epizod oldu. Amma biz bunlardan istifadə edə bilmədik. Bu gün iki komanda arasındakı yeganə fərq bitiricilikdə oldu. Rəqibi layiqli qələbə münasibətilə təbrik edirəm. Beş gündən sonra “Mançester Yunayted”lə səfərdə oynayacaqlar. O oyunda da “Sabah”a uğurlar arzulayıram.