
Fanat.Az "Xankəndi"nin klubda baş məşqçi dəyişikliyi ilə bağlı sorğulara münasibətini təqdim edir.
Bir sıra media resurslarında “Xankəndi” FK-nın baş məşqçisi Zaur Hacıyevlə yollarını ayırdığı, həmçinin Röyal Nəcəfov və Kamal Quliyevin klubun yeni baş məşqçisi postuna namizəd olduğu barədə məlumatlar yayılıb.
“Xankəndi” FK olaraq bildiririk ki, bu məlumatlar klub tərəfindən təsdiqlənməyib və hazırkı mərhələdə həqiqəti əks etdirmir.
Adıçəkilən şəxslərin klubun baş məşqçi postuna namizədliyi ilə bağlı rəhbərlik tərəfindən hər hansı rəsmi qərar qəbul edilməyib. Bu barədə yayılan məlumatlar klubun mövqeyi və rəsmi açıqlaması olmadan səsləndirilən iddialardır.
Klub adından yalnız “Xankəndi” FK-nın rəsmi kommunikasiya kanallarında yayımlanan məlumatlar mötəbər hesab olunur. Klubun qərarları və təyinatları ilə bağlı ictimaiyyətə məlumat verilmədən əvvəl müxtəlif şəxslərin adlarının namizəd kimi təqdim edilməsi düzgün informasiya mühiti formalaşdırmır.
Bir daha bildiririk ki, baş məşqçi ilə bağlı hər hansı qərar qəbul edildiyi təqdirdə, bu barədə rəsmi açıqlama yalnız “Xankəndi” FK tərəfindən, məhz bu qrupda veriləcək.
Media nümayəndələrindən təsdiqlənməmiş məlumatların klubun mövqeyi kimi təqdim edilməməsini və gələcək xəbərlərdə yalnız rəsmi mənbəyə istinad olunmasını xahiş edirik.