"Bildiyiniz kimi İtaliya azarkeşiyəm. Bu axşam bizi erkən final gözləyir. Çox maraqlı, gərgin matç olacağını düşünürəm. Məncə, qalib gələn tərəf finalda öz rəqibini gözləyəcək".
Bunu Fanat.Az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov deyib.
Cavadov AVRO-2020-nin 1/4 final mərhələsi çərçivəsində bu gün baş tutacaq Belçika - İtaliya matçında həlledici ola biləcək amillərə də toxunub:
"İtaliyanın özünəməxsus oyun fəlsəfəsi var. İnamla müdafiə olunur, qol buraxmadan davamlı hücumlar qurmağa çalışırlar. Belçikanın heyətindəki ulduz futbolçuların sırf bu rəqibə qarşı necə təsir bağışlayacağını görmək maraqlı olacaq. Əlbəttə, İtaliyanın müdafiə xətti çox etibarlıdır. Amma digər tərəfdən, belçikalıların ən təhlükəli hücumçusu Romelu Lukakunun A Seriyasında çıxış etdiyini də unutmaq olmaz. Lukaku İtaliya millisinin müdafiə xəttində yer alan futbolçulara qarşı "İnter" formasıyla mübarizə aparıb. Belə desəm, onların zəif və güclü cəhətlərinə bələddir. Bir daha deyirəm, bu oyunda qələbə qazanan komanda finala çıxacaq. Təbii ki, İtaliyaya azarkeşlik edəcəm".
Qeyd edək ki, Belçika - İtaliya oyunu Almaniyanın Münhen şəhərində - "Alyans Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Atilla