Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclasında millimizin baş məşqçisi Canni De Byazinin müqaviləsinin 2022-ci ilin oktyabrınadək uzadılmasına qərar verilib.
Tanınmış futbol mütəxəssisi Yunis Hüseynov Fanat.Az-a açıqlamasında AFFA-nın bu qərarına münasibət bildirib:
"Bu barədə düşünüləsi bir şey yoxdur. Əvvəllər də qeyd etdiyim kimi, De Byazi qalsa, yaxşı olar. Niyə deyirdim qalsın? Onsuz da bilirdim ki, yerli məşqçiyə üstünlük verilməyəcək. Bu danılmaz faktdır. Ölkədə yerli məşqçiyə inam yoxdur və mövzu artıq bağlanıb. Belə olacağı halda, yenidən xaricdən məşqçi gətirəcəkdilər. Bu halda da, dəyişiklik olmayacaqdı.
Bəli, yerli mütəxəssisin üstünlükləri var. Futbolçularla dil tapır, milli mentaliteti yaxşı bilir, futbolçuların fikrini düzgün oxuyur. Amma xarici məşqçilər gəldikdən sonra 1-2 ilə hələ ölkəyə adaptasiya olmalıdır. Yoxsa deyəcək ki, ölkəyə yeni gəlmişəm, komandanı yeni tanıyıram, öyrəşməliyəm. Bir il yarım da yenidən beləcə boş-boşuna keçəcək. Bundan əlavə, yeni gələn xarici mütəxəssisin məvacibi də çox olacaqdı.
Mətbuatdan oxuduğuma görə De Byazi daha əvvəl aldığı maaşın yarısına razı olub. Mütəxəssis kimi də pis məşqçi deyil. Ən azı unutmamalıyıq ki, Albaniyanı Avropa çempionatına çıxarıb. Deməyim odur ki, yenidən mütəxəssis gətirib, yerli ab-havaya öyrəşənə kimi, elə De Byazinin qalması daha məqsədəuyğundur".
56 yaşlı futbol veteranı futbolumuzda olan əsas problemin baş məşqçi ilə bağlı olmadığını bildirib: "Komandanın uğursuzluğunda hər dəfə baş məşqçini günahlandırmaq lazım deyil. Ancaq məşqçinin qalıb və ya gedəcəyini müzakirə edirik. Bu gün biz problemi düzgün yerdə axtarmırıq. Tutaq ki, De Byazi getdi və başqası gəldi, biz onsuz da dünya və ya Avropa çempionatına vəsiqə qazanmayacağıq. Nə xarici, nə də yerli məşqçi bunu bacaracaq. 25-30 il öncə demişdim ki, problemlərin həllinə və yerli futbolun inkişafına bu gün başlamaq lazımdır, sabah gec olacaq. 30 il keçib, amma biz hələ də başlayırıq.
Ömrümü futbola həsr edən bir insan kimi, görürəm ki, ölkədə futbol yoxdur. Aşağı yaş qruplarının, U-19-un oyunlarına baxırsınız? Bizim Obradoviç adlı məşqçisi olan U-21 deyilən millimiz var. Onların mövcudluğundan xəbəriniz varmı? Yaxşı, başa düşdük ki, əsas millidə xarici mütəxəssisə ehtiyac var, bəs bu 21 yaşlı futbolçulara xarici mütəxəssis lazımdırmı? 3 ildir burda çalışır, cəmi 1 xal toplayıb. Bir soruşan yoxdur ki, niyə bu günə kimi cəmi 1 xal toplamısınız? Hər dəfə mətbuatda görürəm ki, 21 yaşlılarımız məğlub olub. Sanki elə belə də olmalıdır. Keçən günlərdə Milan Obradoviç açıqlama verib ki, yaxşı oynadıq. Nəyi yaxşı oynadınız? Bizim futbolumuz var? Futbol olmayan yerdə əcnəbi məşqçi nədir? Bizim öz yerli məşqçilərimiz Obradoviçdən savadsızdır? Demək ki, yerli mütəxəssislərə inam yoxdur və onlar işləməməlidir.
Deməyim odur ki, əsas millinin baş məşqçisi mövzusunu sonraya saxlayıb futbolumuzun inkişafından danışmaq lazımdır. De Byazi qalacaq, ya gedəcək, yenə eyni ssenari olacaq. 1 xal olmasın, 5 xal olsun. Bununla yara sağalır? Onun qalması, getməsi, başqasının gəlməsi ilə heç bir şey dəyişməyəcək. Mən onsuz da daha öncə proqnozlaşdırmışdım ki, milliyə yerli baş məşqçi gəlməyəcək. Buna görə də elə De Byazi qalsın. Dediklərim də düz çıxdı".
Emin Şəmsiyev