15:00 18.03.2022 604

Futbolda təhsil problemi: Mütəxəssislər nə deyir? 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Ulduz futbolçuların və ya məşqçilərin təqaüdə çıxdıqdan sonra karyeralarından bəhs edən kitab yazdığını eşitdikcə, oxuduqca həsəd aparmaya bilmirsən. Yaxud teleproqramlarda, mikrafon qarşısında, şərhçi kimi danışığını, nitq qabiliyyətini gördükcə, eyni hissləri keçirirsən. Niyə bizimkilər belə deyil, niyə iki kəlməni bir-birinin ardınca düzüb qoşa bilmirlər? Təbii ki, bunu hamısına şamil edə bilmərik. Dünyagörüşlü, səlis danışa bilən futbolçularımız da var. Bununla belə, əksəriyyətinin natamam təhsil aldığı göz önündədir.

Əslində, bəhs etdiyim problem bu yazının müəllifinə daha yaxşı tanışdır. Təkcə ona görə yox ki, 17-18 illik jurnalist fəaliyyətim ərzində futbolçulardan saysız-hesabsız müsahibələr götürmüşəm, ünsiyyətdə olduğumuz üçün savadına, dünya görüşünə bələd olmuşam. Həm də ona görə ki, övladım 5 il futbolla məşğul olub və valideyn kimi ciddi nəzarət etməyimə baxmayaraq, futbol onun dərslərinə təsirsiz ötüşməyib. Halbuki, müəllim ailəsində böyüyür və dərsi axsamasın, növbələri toqquşmasın deyə, hətta məktəbini dəyişmişik…

İnsafən, çıxış etdiyi klubda bir müddət Ruslan Qafitulin kimi məşqçi ilə çalışdığı üçün şansı gətirib. Uşaq futbolunda nəticəni yox, bu idman növünü azyaşlılara sevdirməyi qarşısına məqsəd qoyan bu məşqçi təhsilə də önəm verirdi. Hər həftə bir dəfə məktəb gündəliklərini gətirtdirir, qiymətləri daha yaxşı olan uşağı tərifləyir, digər komanda yoldaşları da onu alqışlayırdı. Həvəsləndirmək üçün “kimin “5”-i çox olsa, start heyətdə onlar meydana çıxacaq” kimi cümlələrdən istifadə edirdi. Təəssüf ki, digərləri onun kimi deyildi…

13 yaşında oğlum sırf subyektiv səbəblərdən futboldan soyudu, həvəsdən düşdü və yenidən kitab-dəftərə bağlandı. Ancaq bu 5 il onun təhsilində iz qoyub. Üç ildir həmin boşluğu minbir əziyyət bahasına doldurmağa çalışır…

"Futbolu təkcə ayaqla oynamazlar, zəka da olmalıdır"

Bu yaxınlarda uzun illər futbol təsərrüfatında, konkret, "Neftçi", "İnter", "Qəbələ" kimi klublarda çalışmış Səbuhi Səfiyarlının mövzu ilə bağlı fikirləri diqqətimi cəlb etdi: “Uşaq komandaları üçün 50 kilometrlik məsafə ən yüksək həddi. Ondan uzağa uşaqları yarışa aparmaq olmaz. Bu, həm vaxt, həm də enerji itkisidi. Uşaq Bakıdan Zaqatalaya turnirə aparılanda iki gün vaxt itkisi olur. Həmin uşaq gələcəkdə futbolçu olmaya da bilər. Biz onu şəxsiyyət, fərd kimi belə, itirməməliyik. Hazırkı qrafiklərlə uşaqlar dərsdən, məktəblərdən uzaq düşür. Gününü məşq-oyun üçün getdiyi yollarda itirir. Sonra da həmin uşaq futbolçu ola bilməyəndə cəmiyyətə fayda verə bilmir. Yararsız kadra onu kim çevirir? Biz Qəbələdə turnir keçirəndə “Anderlext” özüylə müəllimlər gətirmişdi. Həmin müəllimlər məşqlərdən sonra uşaqlara məktəb proqramına uyğun dərslər keçirdilər. Bir çox yerlərdə bu üsul tətbiq olunur, təhsilə biganə olanları futbol məşqlərinə də buraxmırlar. Məktəbdə qiymətlərini düzəldəndən sonra yenidən məşqləri davam etdirir. Futbolçu üçün böyük zəka vacibdir. Bizim futbolçuların əsas nöqsanı da budur. Futbolu təkcə ayaqla oynamazlar, zəka da olmalıdır. Müəyyən bir səviyyədə təhsil də futbolçu üçün əsas güc mənbəyidir".

Səfiyarlının sosial şəbəkədə müzakirə olunan bu fikirlərinə şərh yazanlardan biri həmkarımız, dəfələrlə aşağı yaş qrupları ilə birgə xaricdə səfərlərdə olan Mahal Məmmədovdur: “Biz 2011-ci ildə U-17 ilə Xorvatiyada turnirdə olanda Belçika millisinin heyətində müəllim də gəlmişdi. Onlar hər gün günorta dəftər və kitabları ilə gedirdilər iclas otagina, dərs keçirdilər. Avropada bu yaşda uşaqlar üçün dərs idmandan yüksəkdə dayanır. Birinci təhsildir”.

Bəs çıxış yolu nədir? Problem təkcə azərbaycanlı futbolçularla bağlıdır, yoxsa digər ölkələrdə də təhsil-futbol toqquşması aktualdr? Mütəxəssislərimiz nə təklif edir?

Klublardan bir neçəsinin futbol akademiyasının, eləcə də idman məktəblərinin mütəxəssislərinin fikirlərini öyrəndik:

Nail Kərimov (“Qəbələ” Futbol Akademiyası): “Təhsil, uşaq futbolunun özü boyda problemdir. Neçə illik təcrübə və müşahidələrim əsasında deyə bilərəm ki, bizim futbolçularn keyfiyyəti heç də əcnəbilərdən geri qalmır. Amma xarici ölkə oyunçuları ilə, deyək ki, Azərbaycana gələn legionerlərlə və ya futbolçularımızın getdiyi çempionatdakı yerlilərlə müqayisə aparsaq, bizimkilərin mental və psixologi baxımdan, bir fərd kimi bir neçə addım geri qadığını görərik. Hamımız dəfələrlə şahid olmuşuq ki, bizim futbolçular hətta yaxın ölkələrdə belə problem yaşayıb, uyğunlaşa bilməyib geri qayıdıblar. Mən bu məsələlərin böyük əksəriyyətini təhsillə əlaqələndirirəm. Təhsil deyəndə cümlə üzvləri, həndəsi fiqurlar, cəbr düsturlarını nəzərdə tutmuram. Təbii, onlar da vacibdir. Təhsil bir insanın xarakterini formalaşdırmaq, onu daha düzgün tərbiyələndirmək, istiqamətləndirmək, həlledici anlarda doğru qərar vermək, dünya görüşünü artırmaq kimi məsələlərdə vacib rol oynayan sahədir.

Beynəlxalq təcrübədə futbol və təhsil necə birləşir? Konkret bir düstur yoxdur. Hər ölkənin, hər cəmiyyətin öz seçimi var. Əlbəttə, qərb hər şeydə olduğu kimi, bu istiqamətdə də xeyli öndədir. İnkişaf etmiş ölkələrin klub komandaları və yığmalarında dəfələrlə şahid olmuşuq ki, uşaq futbolunda təhsilə çox ciddi diqqət yetirir, bu sahəni bir an belə nəzarətsiz qoymurlar. Konkret, o vaxt keçirdiyimiz “Qəbələ Cup”a gələn komandalardan “Anderlext” özüylə müəllim gətirmişdi. Üstəlik, yüklərinin bir hissəsi dərs ləvazimatları – kitab, dəftərlər idi. Halbuki cəmi 4 günlük turnirə gəlmişdilər. Belə nümunələr çox çəkə bilərəm. Xaricə yollananda da buna şahid olmuşuq. Fikrimcə, çox normal və məntiqlidir.

Biz neyləyə bilərik?

Heç nə edə bilmərik. Məktəblər o qədər konkret və sərt olmalıdır ki, futbol məktəblərə uyğunlaşdırılsın. Mən 2015-ci ildə Yaponiyaya səfər etmişdim. Yerli şəraitlə tanış olanda məlum oldu ki, universitetlərin komandaları peşəkar futbolda böyük çəkiyə sahibdir. Bu ondan xəbər verir ki, yapon futbolçular karyeraları məhv olsa belə, ali təhsil almağa üstünlük verirlər. Orada bütün məşqlər, yarışlar təhsilə uyğunlaşdırılıb. Bizdə də orta məktəb və universitetlərin sərt yanaşması problemi kökündən həll edə bilər. Baxmayaraq ki, mən bir klub idarəçisiyəm, amma təhsilin ön planda olması fikrini dəstəkləyirəm.

Nə qədər ki, real vəziyyət budur və biz fəaliyyət göstəririk, bu problemdən çıxış yollarını öz daxili imkanlarımızla axtarırıq, yoluna qoymağa çalışırıq. Akademiyamızın 9-10-cu ilində yaxşı şərait, yaxşı kollektiv quruldu. Bir neçə tərbiyəçi-müəllim, orta məktəb müəllimi cəlb olundu. Əhatəli təqdimatlar hazırlandı. Demək olar ki, hər gün futbolçulara təxminən 15-20 dəqiqəlik, onları yormayacaq şəkildə video və digər formalı təqdimatlar çatdırılır. İstənilən mövzuya aid materiallardı, yetər ki, futbolçuya yeni məlumat qazandırsın. Bundan başqa, planda Təhsil Nazirliyi və məktəblərlə əhatəli proqramın icrası da var idi. Bilirsiniz ki, soradan maddi vəziyyətimiz bir qədər zəiflədi və planlarımızın hamısını istədiyimiz formada həyata keçirə bilmədik. Bununla belə, əlimizdən gələni edirik.

Akademiyamızda kitabxana yaratmışıq. Kitab fondunu ildə iki dəfə yeniləyirik. Bu il bir dəfə 29 kitabla yeniləmişik, yaxın günlərdə yeniləri təqdim olunacaq. Baxırıq ki, yeni kitablar gəldikcə, futbolçular da maraqlanır, oturub oxuyurlar.

Universitetə qəbul olmaq, hazırlaşmaq istəyən uşaqlar üçün müəllimlər, repititorlar tutulur. Onlar gəlib bizim yataqxanamızda uşaqlara dərs keçirlər. Hazırki çətin durumumuza baxmayaraq, həmin xidmət və vəsaitlərin pulunu klub qarşılayır. Mümkün qədər uşaqların məktəblərinə, onların dərslərinə nəzarət olunur. Təəssüf ki, evlərində yaşayan futbolçularımızla bağlı fəal ola bilmirik. Çünki rayonun müxtəlif yerlərindən gəlib-gedirlər və hamısını nəzarətdə saxlamaq üçün personalımız çatmır. Bununla belə, akademiyada qalmayan uşaqlar üçün də təbliğat işlərini aparırıq ki, dərslərdən yayınmasınlar.

Biz təhsilin əhəmiyyətinin fərqindəyik. Klub rəhbərliyi bu məsələyə həmişə həssaslıqla yanaşıb. Əlimizdən gələnin artığını etməyə çalışmışıq ki, bu sahədəki çatışmazlığı minimuma endirək. İctimaiyyətimizə daim səslənmişik ki, kim bizim futbolçulara, onların inkişafına, xarakterinin formalaşmasına hansısa formada təkan verə bilərsə, qapımız üzlərinə açıqdır”.

Yaşar Seyidov (“Bakı” Futbol Akademiyası): "Bildiyiniz kimi, “Bakı” öz akademiyasını 2009-cu ildə yaratmışdı. O vaxt klubumuz İspaniya, Fransa və İngiltərə klubları ilə əməkdaşlıq edirdi. Müvafiq məsələ ilə beynəlxalq təcrübəni öyrənərkən Türkiyədən mütəxəssislər cəlb etdik. Tunc Afşarın başçılığı ilə dəvət olunan həmin mütəxəssislər təhsil və futbolun paralel təşkili qaydalarını öyrəndik. Beləliklə, akademiya üçün humanitar, dəqiq və texniki yönümlü fənlərin hər biri üzrə müəllimlərlə müqavilə bağladıq. Onlar gəlib akademiyada qalan uşaqların hazırlığı ilə məşğul olurdu. Futbolçuların gündəlik qrafiki beləydi: səhər yeməyindən sonra klub avtobusu uşaqları məktəbə aparır və dərsdən sonra geri qaytarırdı. Nahar yeməyindən sonra onların asudə və istirahət vaxtı idi. Axşam məşqi və şam yeməyi başa çatandan sonra isə həmin müəllimlər gəlib akademiyanın uşaqlarına dərs keçirdi. Beləliklə, biz bu prosesi sistemli şəkildə tənzimləyirdik.

Akademiyanı bir tərəfə qoysaq, mən “peraşki dövrü”ndə - “Dinamo”ya rəhbərlik etdiyim vaxt da bu məsələlərə həssas yanaşmışam. Klubumuz Daxili İşlər Nazirlyinə bağlı idi. İlk növbədə futbolçularımızın hərbi mükəlləfiyyətini futbol oynayaraq davam etdirməsinə kömək edirdim. Məktubla hörmətli nazirimizə müraciət edir, olimpiya yığmasında çıxış edən futbolçularımızın – Ramin Quliyev, Rafael Əmirbəyov, Ceyhun Sultanov, İlyas Qurbanov, Seymur Rəhimov, Anar Salmanov və digərlərinin siyahısını göndərirdim. Beləliklə, onlar daxili qoşunlarda qeydiyyata alınır, oradan isə kluba ezam olunurdular. Bir sözlə, mən bu futbolçuları qorudum. Eləcə də əksəriyyətinin idman institutlarına, akademiyaya qəbuluna şərait yaratdım. Mən doxsanıncı illərin sonu-iki mininci illərin əvvəllərindən danışıam. Hələ o vaxt nə şərait var idi, nə də dövlət proqramı qəbul olunmuşdu.

Bir şeyə təəssüf edirəm ki, futbolçuların təhsil və əsgərlik problemləri 2005-2015-ci illərdəki dövlət proqramlarına salınmadı. Təklif edirəm ki, növbəti dövət proqramı təklif olunsun və ora bu məsələlər orda əksini tapsın. Ədalət naminə qeyd etməliyik ki, AFFA tərəfindən bu məsələlərin həll olunmasına kömək edilir. Amma niyə gedib kiməsə ağız açasan? Bu, qanun şəklinə salınsa və dövlət proqramında əksini tapsa, milli komandalarda çıxış edən futbolçuların bu kimi problemlərinin həlli üçün qapı-qapı düşməyə ehtiyac qalmaz. Bunların müzakirəsi üçünsə şura yaradılmalıdır. Ora nazirlik, federasiya, klub nümayəndələri, futbol veteranları və tanınmış mütəxəssisləri daxil edilməlidir. Bir sözlə, sistemli iş qurulmalıdır”.

Təbriz Həsənov (“Vətən” Futbol Məktəbi/“Sabah” Futbol Akademiyası): “O fikirlə razı deyiləm ki, futbol uşaqların təhsildən "axsamasına" səbəb olur. Əksinə, əksər hallarda orta məktəbdə zəif oxuyan, təhsilə marağı olmayan uşaqlar futbola üz tutur. Belə desək, valideyn görür ki, övladı oxumağa meyl göstərmir, yayınır, onun enerjisini idmana yönəldir. Təbii ki, bu hamıya aid deyil.

Əslində, savadsız futbolçu özü də problemdir, onun inkişafını əngəlləyir. Savadlı və savadsız futbolçu arasında fərq çoxdur. Oxuyan uşaq harda olsa, hansı şəraitdə olsa, oxuyacaq. Aşağı yaşlılarda həftədə bir neçə dəfə və konkret gündə bir məşq olur, o da məktəbdən sonraya təyin olunur. Yuxarı yaşlılarda məşqlər gündəlik qrafikə keçsə də, yenə kifayət qədər vaxtları olur. Gün ərzində futbola 2, uzağı 3 saat sərf edirlər. Bu elə ciddi problem yaratmır.



Qiymətləri yaxşı olan və sırf həvəsinə görə futbola üz tutan uşaqların təhsildən geri qalmamasında əsas yük valideynin üzərinə düşür. Futbol məktəbləri və klublar əlindən gələni edir. “Vətən”in bazasında formalaşan “Sabah”da yaxşı oxuyan uşaqlar var. Məktəblərinə davam edirlər, geri qalmamaq üçün hətta repititor yanına gedirlər. Bəzən buna görə məşqə gecikirlər, biz onları nəzərə alırıq. Akademiyamızın yataqxanası tam hazır olmasa da, rayondan gələn uşaqlar üçün hr bir şəraiti olan yer tutulub. Üstəlik, onlar üçün iki tərbiyəçi-müəllim ayrılıb. Onlar həmin futbolçuların məskunlaşmasına, istirahətinə, qidalanmasına, intizamına nəzarət edir.

Razıyam ki, millinin toplanışlarında çətinlik yaranır. Çünki millnin üzvləri 10-15 günlük ölkəni tərk edirlər və bu müddətdə dərslərində boşluq yaranır. İnkişaf etmiş ölkələrdə bu problemi komandaya müəllimlər ayırmaqla tənzimləyirlər. Mən U-17-nin baş məşqçisi olanda və Bakıda Avropa çempionatı keçiriləndə də bunun şahidi olmuşm, xaricə səfərlərimizdə də: əksər ölkələr məktəbli futbolçular üçün müəllimlər də göndərir. Almaniya, İspaniya, Belçika millilərini nümunə çəkə bilərəm. Yaxşı olardı ki, bizdə də bu təcrübədən istifadə olunsun. Yadımdadır, bir dəfə Almaniyada uzunmüddətli toplanışımız olanda komandaya AFFA tərəfindən xarici dil müəllimi təhkim olunmuşdu. Onun rolu böyük oldu, uşaqlar dili daha çevik mənimsəyirdilər. Yəqin ona görə ki, nəzəri öyrəndiklərini yerindəcə praktiki tətbiq edirdilər. Belə baxanda, millinin toplanışında futbolçuların asudə vaxtı daha çox olur. Məncə, komanda səfərə gedəndə futbolçulara müəllim təhkim olunması effektli olar”.

Adil Şükürov (“Turan Tovuz” Futbol Akademiyası): “Təbii ki, məşğul olan uşaqların hamısı futbolçu kimi yetişmir. Hər yaş qrupundan 2-3 nəfər futbolçu olsa, bu, həmin akademiya üçün uğur sayılır.

Mövsümün əvvəlində illik hazırlıq planı tərtib edərkən bütün valideynlərlə əlaqə saxladıq. Uşaqların məktəb növbələrini, dərs saatlarını, hətta repititor yanında fərdi hazırlaşanların qrafiklərini öyrəndik. Yanlız bundan sonra hazırlıq və məşq qrafiki tərtib etdik. AFFA da bu məsələni nəzərə alaraq, çempionat oyunlarını həftəsonuna salıb. Bizdə yalnız U-16 komandasının cümə günü oyunu var. O komandanın üzvlərinin təhsil aldıqları məktəblərə məktubla müraciət etmişik, dərs cədvəllərində bunu nəzərə alıblar. Əvəzində biz həmin günə görə yaranan boşluğu fərdi hazırlıq üzrə müəlimlərin yanına getmələri üçün əlavə gün ayırmışıq. Bir sözlə, uşaqların təhsil və futbolu paralel şəkildə davam etdirmələri üçün əlimizdən gələni edirik”.

Belə görünür ki, aşağı yaş qruplarında çıxış edən futbolçuların təhsilini sistemə salmaq nisbətən futbol akademiyalarında mümkün olub. Onların sayı isə barmaqla sayılacaq qədərdir. Digər klublarda isə əlilər, vəlilər, məmmədlər təhsilini futbol həvəsinə qurban verməkdədir. Valideynlərin bütün bu riskləri nəzərə almasını, heç bir halda, övladlarının təhsilini "axsatmamalarını" istərdik. Əks halda, sonda onların çiyninə düşəcək yük daha ağır olacaq. Bəlkə də heç qaldırılması mümkün olmayacaq yük...

Mirağa Mrzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2024
02:10

AL: "Bayer" yenə son dəqiqədə sevinib yarımfinala adladı

01:56

KL: "Fənərbağça"nı yarımfinala buraxmadılar 

18 Aprel 2024
20:56

"Siti" ilə oyundan öncə Karlonun əsnədiyini gördüm və..." - Ançelotti Bellingemdən nə istəyib?

19:27

"Real"ın əfsanələri bir araya gəlir - 14 il sonra

18:39

"Arsenal" illərdir Münhendə qələbə qazana bilmir

18:08

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bilindi

17:55

"90 dəqiqə mübarizə aparmağa fiziki gücümüz çatmır" - Ədəhim Niftəliyev

17:28

"Çox məyusam, hamımız pərişanıq" - Deklan Rays

17:09

"Sumqayıt" "Turan Tovuz"la görüşə neçə itki ilə çıxacaq? - AÇIQLAMA

16:52

U-17-nin heyətində dəyişiklik edildi

16:29

"Turan Tovuz" "Sumqayıt"la oyuna 4 itki ilə çıxacaq

16:12

"Müstəsna futbol oynadıq, amma..." - Xosep Qvardiola

15:52

U-17 beynəlxalq turnirə gedir

15:35

"Roma" De Rossi ilə bağlı qərarını açıqladı - SON DURUM

15:17

"Oyun ərzində "Real" üzərində dominantlıq etdik" - Ruben Diaş

14:50

Umbayev Paralimpiadanın cüdo yarışlarına dəvət aldı

14:34

Azərbaycan millisinin kapitanı çempion oldu

14:15

"Heç vaxt belə bir şey xəyal edə bilməzdim" - Cud Bellingem

13:57

Yeni pəncərə açılıb, yeni nəfəs hələ yoxdu

13:40

"Mançester Siti" bizdən yaxşı futbol oynayır, amma..." - Federiko Valverde

13:23

"Real"ı "lotoreya"da güldürən qələbə - VİDEO

13:06

AFFA 30-cu turun cəzalarını açıqladı

12:58

"Yolumuza davam edəcəyimizə əmin idik" - Karlo Ançelotti

12:40

"Öyrənməliyik" - Mikel Arteta

12:21

Devid İtaliya nəhəngi ilə anlaşdı - Bu qiymətə

11:05

ÇL: Həftənin ən yaxşısı adına namizədlər bilindi

10:25

"Premyer Liqada iştirakımıza mane olacaq heç bir əngəl yoxdur" - "Zaqatala"nın baş məşqçisi

10:06

İddiaçılar Turniri: Nicat Abasov yenə uduzdu

09:45

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:23

"Bayer"in ilk yay transferi bilindi

09:00

BOStan, yoxsa idman qurğusu?

01:52

ÇL: "Bayern"lə "Real" yarımfinalda 

17 Aprel 2024
23:45

Qurban Qurbanov Moskva "Spartak"ında?

20:18

Mbappe İbrahimoviçə çatdı

19:30

Almaniya nəhəngi Fyürixi, o isə bu klubu istəyir

18:40

Premyer Liqa nəhəngləri Bundesliqa klubunun oyunsuna elçi düşdülər

17:59

"İmişli" Lozannadakı məhkəməyə şikayət edəcəkmi?

17:35

Romario 58 yaşında karyerasını bərpa etdi: "Arzumu yerinə yetirməyi hədəfləmişəm"

17:18

"Real"dan zəng gələndə iki dəfə fikirləşmədim" - Cud Bellingem

16:59

18-ci turun oyununa külli miqdarda pul yatırıldı - Azərbaycanda

Facebookdan bizi izləməyi unutmayın.
X