
Azərbaycan Premyer Liqasının 23-cü turunda "Qarabağ"a 0:8 hesabı ilə uduzan "Şamaxı" həftəsonu "Sabah"la qarşılaşacaq.
"Şamaxı"nın kapitanı Şəhriyar Əliyev Fanat.Az-a müsahibəsində həm ağır məğlubiyyət, həm də komandanın "Sabah"la oyuna hazırlığından bəhs edib.
- 0:8 hesablı məğlubiyyət sırf sizin üçün nə deməkdir?
- Çox ağır yenilgi aldıq. Faciəyə bərabər məğlubiyyət idi. Bəlkə də bir futbolçu karyerasında nadir hallarda belə hesablı məğlubiyyətlə üzləşir. Həmin oyundan sonra günlərlə özümüzə gələ bilmədik. O oyunu unutmaq çox çətin idi. Ağır faciə yaşamışdıq.
- Adətən klubların tarixində ən böyük yenilgilər təxminən belə hesabla olur. Sizcə, niyə belə oldu? Problem nədə idi?
- Oyuna pis hazırlaşmamışdıq. Həftə ərzində rəqibə qarşı necə oynamaq lazım olduğu üzərində çalışdıq. "Qarabağ"da ustalıq səviyyəsi yüksək olan futbolçuları çoxdur. Rəqib boşluqdan istifadə etməyi bacaran komandadır. Bir faciə idi, oldu. Çalışırıq bunu unudaq.
Düzü, həmin oyunu unutmaq üçün öz aramizda analiz etmirik. Ancaq fərdi olaraq analiz edəndə görürsən ki, "Qarabağ" kimi komandaya qarşı oyunda boşluq yaradanda onlar bu boşluqlardan istifadə edirlər. Zədəli və cəzalı oyunçularımızın olması da oyuna çox təsir etdi. Onlar meydanda olsa, bəlkə də hesab belə olmazdı.
- İlk hissədə 7 top buraxmışdınız. "Qarabağ" doğrudan qarşısıalınmaz idi, yoxsa ruh düşkünlüyü sözünü dedi?
- Qol buraxdıqca bəlkə də ruhdan düşürdük. Toparlanmağa çalışdıqca yenə qol buraxırdıq. Bu da psixoloji təsir edirdi və bu vəziyyətdən çıxa bilmirdik.

- Hazırda komandada psixoloji durum necədi?
- Psixoloji toparlanmağa çalışırıq. Bu vəziyyətdən çıxmaq lazımdır. Əlimizi-qolumuzu aşağı salıb gözləmək olmaz. Mənfi heç nə düşünmürük. Psixologiyamızı düzəltməyə çalışırıq. Məşqçilər də bunun üzərində işləyirlər. İnşallah, qarşıdakı oyun bunu göstərəcək.
- Komandanın adının, stadionunun, təmsil etdiyi şəhərin dəyişməsi futbolçulara necə təsir etdi? Bu dəyişikliyə adaptasiya ola bilmisiniz?
- Şamaxıda keçirdiyimiz ilk oyunda "Neftçi" ilə qarşılaşdıq. Düşünürəm ki, pis oynamadıq. İlk hissədə irəlidə olsaq da, ikinci hissədə cüzi səhvlərdən qollar buraxdıq. İnşallah, qarşıdakı oyunlarda qələbə qazanıb azarkeşlərimizi sevindirmək istəyirik. Təki region klublarımızın sayı çox olsun. Dəyişikliyin bizə təsiri olmayıb. Futbolçularımızın hər biri peşəkardır. Hər oyuna çıxanda da çalışırıq yaxşı nəticə qazanaq. Düşünmürəm ki, komandanın adının dəyişməsinin bizə təsiri oldu.
- İki gün sonra "Sabah"la səfər matçına çıxasınız. Oyuna hazırlıq necə gedir?
- "Sabah" çempionatda ən yaxşı komandalardan biridir. Analiz etmişik. Çox yaxşı hücum xətti var. Həm müdafiədə, həm hücumda yaxşı oynayırlar. Oyun üslublarından necə yaxşı kollektiv olduqları bilinir. Biz də görüşə ciddi hazırlaşırıq. Məşqçilərimiz də komandanın psixoloji durumunu düzəltməyə çalışır. "Sabah"la oyunda qələbə qazansaq, bəlkə də özümüzə gələ biləcəyik. Uşaqlarla çalışırıq bir-birimizə dəstək olub bu vəziyyətdən çıxaq. Komandaya yeni baş məşqçi gəlib. Rəqibi analiz edib oyuna yaxşı hazırlaşdırır. İnşallah, onun istədiyi kimi oynasaq, inanıram ki, qələbə qazanacağıq.
Röya Kərimli