"Qarabağ" Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib.
Fanat.Az xəbər verir ki, "Dreamland" qolf adasında təşkil olunmuş mərasimə klubun fəxri prezidenti və sahibi Abdulbari Gözəl, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və KİV nümayəndələri qatılıb.
Jurnalistlərə açıqlama verən "Qarabağ"ın prezidenti Tahir Gözəl bunları söyləyib:
"Başda klubumuz olmaqla, hər kəsi çempionluq münasibətilə təbrik edirəm. Müstəqil Ağdamın təmsilçisi kimi ilk çempionluğumuzu qazandıq. 2021-ci ildən bu fikirləri səsləndirirdik ki, xəyalımız Qarabağa getmək, qələbəmizi orada qeyd etməkdir. Artıq buna nail olduq. Təbii ki, bu, cənab Prezidentin, xalqımızın sayəsində gerçəkləşən möcüzədir. Hələ də inanmağa çətinlik çəkirəm. Şükürlər olsun ki, bunu bacardıq. Ona görə də mənim üçün heç vaxt unudulmayacaq qalibiyyətdir. "Qarabağ" tarixində bir çox ilklərə imza atmış komandadır. İnanıram ki, bu sabitlik və təcrübə ilə yenə də Çempionlar Liqasında qrupa düşərik".
Funksioner tədbirdən sonra Qurban Qurbanovla görüşüb transfer məsələlərini müzakirə edəcəklərini vurğulayıb:
"Bizdə tamamilə peşəkar idarəetmə sistemi var. Baş məşqçi ilə ümumi durumu dəyərləndirəcəyik. Amma vaxtımız çox azdır. Bu da bizə radikal dəyişikliklərə imkan vermir. Bəzi futbolçularımızla danışıqlar davam edir. Onları saxlamaq alınıb-alınmayacaq, bilinmir. Bunun həyəcanını yaşayırıq. Artıq komandanın özəyi formalaşıb. Bu sabitliklə yenidən iddialı olacağımıza inanıram".
"Qarabağ"ın prezidenti jurnalistlərlə Azərbaycan millisinin uğurları üçün çalışacağını da gizlətməyib:
"Sizinlə ürək sözümü bölüşmək istəyriəm. Yəqin ki, bundan sonra nə olacağı hamını maraqlandırır. Bu bir reallıqdır ki, "Qarabağ" klubu Azərbaycan millisinə ən çox futbolçu verən komandadır. Ölkə millisinin layiq olduğu səviyyəyə çatması üçün görməli olduğumuz çox işlər var. Mənim hədəfim Qurban Qurbanovun qarşıdakı illərdə Azərbaycan yığmasına daha güclü futbolçular verməsini təmin etməkdir. Bu yolda bizim böyük payımız olmalıdır. Önümüzdəki 4-5 il ərzində qarşımıza məqsəd qoyacağıq ki, "Qarabağ" klubu ən uğurlu komanda olaraq milli üçün gənc futbolçular yetişdirsin. Özümüzə qayıtmalı, öz futbolçularımızı yetişdirməliyik. Azərbaycan millisinin dünyada, Avropada uğur qazanması üçün əlimizdən gələni edəcəyik.
Tahir Gözəl Ağdamda yeni stadionun tikilməsi barədə xəbərlərə də münasibət bildirib:
"Mənim atam Gözəl bəyin dediyi kimi, ermənilər Ağdamda salamat bir yer qoymayıblar. O torpaqlar ümumiyyətlə, inkişafdan məhrum idi. Ancaq şükürlər olsun, cənab prezident İlham Əliyev son görüşümüzdə yeni stadionun tikilməsi ilə bağlı nazirliklərə tapşırığını verdi. Mən də həmin tədbirdə idim. "Qarabağ" klubu olaraq bu yolda əlimizdən nə gəlirsə, hər şeyi can-başla etməyə hazırıq. Mən əminəm ki, orada tezliklə çox gözəl bir stadion tikiləcək. Ağdamda böyük abadlaşdırma işləri gedəcək. Ona da inanıram ki, biz böyük oyunlarımızı o stadionda keçirəcəyik".
Yeni mövsümdə "Qarabağ" klubunun yeni akademiyasının tikilməsi suallarına isə 50 yaşlı funksioner belə cavab verib:
"Futbol ictimaiyyətin aynasıdır, bir xalqın iradəsidir. "Qarabağ" diplomatik missiyasını yerinə yetirdi. Biz öz gənclərimizin, öz uşaqlarımızın istedadını üzə çıxara bilməsək, məncə, mütləq qalibiyyətdən söhbət gedə bilməz. Uşaq futboluna sözsüz ki, diqqət ayıracağıq. Bu barədə ətraflı danışıb radikal addımlar atmayılıq. Legionersiz oynamağa hələ hazır deyilik. Amma gələcəkdə bu istiqamətdə çalışmalıyıq. Mən Londonda olanda məndən haralı olduğumu soruşdular. Azərbaycanlı olduğumu biləndə "Halal olsun, siz döyüşkən, mərd bil millətsiniz", - dedilər. Bu mübarizliyin, bu xarakterin futbolumuzda da olmasını istəyirəm".