
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah"la qolsuz heç-heçə etdikləri matçdan - Misli Premyer Liqasının XIV tur oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, mövsümdə ilk xalı itkisi ilə Masazırda üzləşən ağdamlıların çalışdırıcısı belə danışıb:
"Çox dinamik və baxımlı oyun oldu. Sadəcə, qol çatmadı. Bu da olsaydı, daha maraqlı alınardı. Hər iki komandanın çıxışından çox razı qaldım. Bu cür matçlar inkişaf üçün təkandır. Futbolçularım xarakter göstərdilər, sonadək mübarizə apardılar.
Qarşımızda bacarıqlı komanda var idi. İlk dəqiqələrdə rəqibin istəyi daha çox idi. Hücuma tez çıxırdılar. Bəlkə də buna görə topa nəzarət edə bilmirdik. Bu cür matçlara hazır olmalıyıq.
O, statistikalarla maraqlanmağı xoşlamasa da, buna məcbur qaldığını söyləyib: "Komandanı hər oyuna yaxşı hazırlamaq baxımından önəmlidir. Uğurlu seriya ola bilər. Çempionluq istəyiriksə, bütün matçlarda qələbə qazanmağa çalışmalıyıq".
Baş məşqçi noyabrın 20-də start götürəcək dünya çempionatına da toxunub: "Komandalarla maraqlanmamışam. İspan futboluna azarkeşlik edirəm. Onların çıxışını izləyəcəyəm. Amma favorit açıqlaya bilməyəcəyəm".